Ən çox sığorta haqqı niyə həyat sığortasında toplanır? – Ekspertdən maraqlı izah

14:41 - 4.03.2020


4 mart, Fineko/abc.az. Azərbaycanda ən populyar sığorta növü avtonəqliyyat vasitələrinin icbari sığortası olsa da illərdir ən çox sığorta haqqının həyat sığortasında yığılması çox qəribə bir amildir.

Bunu ABC.AZ-a sığorta sektorunun vəziyyətini şərh edərkən ekspert İlkin İbrahimov deyib.

Onun sözlərinə görə, hətta ötən il vergilər məcəlləsinə edilən dəyişiklik həyat sığortasındakı çox yığımları statistik azaltsa da, yenə də lider bu sığorta növünə məxsusdur: “Həyat sığortasının bu qədər populyar və demək olar ki, problemsiz olması, burada sığorta ödənişləri zamanı daha az mübahisənin olması ilə əlaqəlidir. Qeyri-həyat sığlrta növlərində artıma nail olmaq üçün ilk növbədə sığorta ödənişlərinə nəzarət və onların qanunamüvafiq şəkildə daha qısa prosedurlarla ödənilməsi təmin olunmalıdır. Məsələn daşınmaz əmlak sığortasında sığorta ödənişi zamanı sənədlərin konkretliyinə nail olmaq lazımdır. Digər tərəfdən Mərkəzi Bank yanında ictimai şuranın yaradılması, Mərkəzi Bankın təşkilatçılığı ilə vətəndaşların və sahibkarlar maarifləndirməlidir. Sadalananlar həyata keçirilsə bu istiqamətdə atılmış ən yaxşı addımlardan olar”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər