Bakıda satılan uşaq oyuncaqlarının qiymətləri kəskin ucuzlaşıb - Araşdırma

15:42 - 4.03.2020


4 mart, Fineko/abc.az. Koronavirus infeksiyası Çindən gətirilən uşaq oyuncaqları bazarına da təsirsiz ötüşməyib.

Belə ki, ABC.AZ Dəmir Yolu Vağzalının ətrafında uzun zamandır fəaliyyət göstərən uşaq oyuncaqlarının topdan və pərakəndə satış mağazalarında araşdırma aparıb.

Qeyd olunan ərazidəki 10-a yaxın dükanda apardığımız araşdırma zamanı məlum oldu ki, Çindən gətirilən oyuncaqların qiyməti 30 faiz ucuzlaşıb. Satıcılar bildirdi ki, əvvəllər 30 manata olan oyuncaq və uşaq üçün lazım olan mallar alıcılara indi 22 və ya 20 manata təklif edilir. Məsələn uşaq üçün balaca pianino əvvəllər 50 manata satılırdısa indi 35 manatadır. Satıcılar deyir ki, qiymətlərlə yanaşı alıcılıq qabiliyyəti də aşağı düşüb: “Əvvəllər dükanlara adam əlindən girmək olmurdu. İndi görürsünüz yarım saatdan bir 1 ya 2 nəfər gəlir, mallara baxırlar, onlar da heç almır, çıxıb gedirlər. Çoxları virusdan qorxur. Düşünürlər ki, Çindən gəlibsə yəqin virus ola bilər. Amma biz dəfələrlə onlara bu malları virus yayılmazdan əvvəl gətridiyimizi deməyimizə baxmayaraq oyuncaq alan olmur. İndi ümid qalıb virusla bağlı cəmiyyətdə yaranmış təlaşın aradan qalxmasına. Virusla bağlı insanlardakı psixoloji qorxu yoxa çıxsa bəlkə onda satışlarımız yenidən düzələ bilsin”.

Qeyd edək ki, dükanlarda olduğumuz zaman mağazalara gələn insanların azlığını biz də müşahidə etdik.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər