Qarşıdakı günlərdə banklarda valyuta dəyişmənin intensivliyi azalacaq - Vüsal Qasımlı

10:40 - 13.03.2020


13 mart, Fineko/abc.az. Hazırda banklardan kənarda nağd pul (M0) 9,3 milyard manatdır.

Hər ay Azərbaycan əhalisi adambaşına orta hesabla 300 manat, ümumilikdə, aylıq 3 milyard manat istehlak xərclərini həyata keçirir.

ABC.AZ xəbər verir ki,  bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu hesabla banklarda valyuta mübadiləsi etmək üçün manatla potensial yığım məhduddur. V. Qasımlı qeyd edib ki, qarşıdakı günlərdə banklarda valyuta dəyişmənin intensivliyi azalacaqdır: "Çünki əhalinin aylıq xərcləri nağd pul kütləsinin 1/3-i qədərdir. Yəni nağd manatın bir hissəsi cari istehlakı təmin etmək üçün əhaliyə lazımdır və həmin vəsaitin dollara çevrilməsinə zərurət yoxdur.

Bu həftə ərzində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən üç valyuta hərracında orta hesabla 700 milyon dollar vəsait banklara satılıb. Özü də hər növbəti hərracda özündən əvvəlkinə nisbətən daha az valyuta tələbi olub. Bu o deməkdir ki, gələn həftələrdə, xüsusən Novruz bayramı alış-verişlərinin də manatla olacağını nəzərə alsaq, manatın dollara çevrilməsi tezliyi səngiyəcək".

Müəılif: Elmir Murad

 

Bütün xəbərlər