Əmlak bazarında vəziyyət necədir, qiymətlər azalacaqmı? - Ekspert şərhi

14:20 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Pandemiyadan ən çox ziyan çəkən sahələrdən biri da tikinti sektoru, daşınmaz əmlak bazarıdır.

Bunu ABC.AZ-a ekspert Ramil Osmanlı koronovirusun əmlak bazarına təsirini şərh edərkən deyib.

Ekspert virusun əmlak bazarına daha çox ziyan vurmasının səbəbini belə izah edib: "Çünki bu sahədə aparılan əməliyyatların dəyəri digər istehlak bazarları ilə müqayisədə daha böyükdür. Müşahidələr göstərir ki, bütün ölkə boyu daşınmaz əmlak bazarının bütün seqmentlərində kəskin geriləmələr var. Həm mənzil, həm torpaq, həm də qeyri-yaşayış sahələrinin alqı-satqısı məhdudlaşır. Bunun iqtisadi səbəbləri əhalinin gəlirlərinin kəskin azalması, makroiqtisadi amillərlə bağlıdır. Amma eyni zamanda burada inzibati və psixoloji amilləri də qeyd etmək lazımdır. Belə ki, faktiki olaraq bu sahədə fəaliyyət göstərən bir sıra müvafiq icra hakimiyyəti orqanlarının (İpoteka Fondu, ASAN xidmət mərkəzləri və s.) fəaliyyət istiqamətlərinin məhdudlaşması da ciddi rol oynayır. Eyni zamanda maliyyə bazarı ilə bağlı mövcud risklər əhalini əlində olan vəsaitləri daha etibarlı valyutalara çevirib saxlamağa yönəldir".  R. Osmanlı əmlak bazarına təsir edən amillərdən birinin də xarici ölkələrdən gələn pulların azalmasının olduğunu bildirib: "Xarici ölkələrdən respublikaya qeyri-neft istiqamətlərindən olan pul axınları da məhdudlaşıb. Bütün bu proseslər isə təbii ki, daşınmaz əmlak bazarının iflic olmasına gətirib çıxarıb. Hələlik qiymət dəyişmələri ilə bağlı konkret fikir söyləmək tezdir, amma proseslərin gedişi yaxın gələcəkdə qiymət azalmalarını da proqnozlaşdırmağa imkan verir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər