Nazirlik: Azərbaycana gələn turistlərin sayı 2017-ci ildə 20% artıb

17:55 - 8.01.2018


8 yanvar, Fineko/abc.az. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların 20% artımını bildirir.

Nazirlikdən verilən məlumata əsasən, 2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər təşkil etmişdir.

“Onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri,  62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur. Xarici vətəndaşlar daha çox iyul ayında gəlmişdir ki, bu da 313 515 nəfər olmuşdur”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, Azərbaycana əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ-dən olan vətəndaşlar gəlmiş və onların sayı müvafiq olaraq 31,6%, 19,9%, 13,4%, 11,2% və 3,8% təşkil etmişdir.

Məlumatda deyilir: “2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4,5 dəfə, Omandan 7,4 dəfə, BƏƏ-dən 1,9 dəfə, İrandan 1,4 dəfə, Hindistandan 2,3 dəfə çox xarici vətəndaş gəlmişdir. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilmişdir. Həmçinin,  Avropa, Körfəz və Yaxın Şərq,  Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında  artım baş vermişdir”.