İxtisarlara yol verən sahibkarlar cəzalanacaq - Mühüm açıqlama

15:09 - 17.04.2020


17 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi sayının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.

ABC.AZ-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elşən Rəhimli bildirib ki, pandemiyanın yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

"Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi sayının azaldılmaması, habelə dövlət tərəfindən verilmiş maliyyə dəstəyinin işçilərin əmək haqlarına və sosial sığorta ödəmələrinə yönəldilməsi ciddi nəzarətdə saxlanılır. Maliyyə dəstəyinin göstərildiyi vergi ödəyicilərində bu şərtlərə əməl edilməməsi hallarına yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək, verilmiş dövlət maliyyə dəstəyinin geri alınması təmin ediləcəkdir" deyə qurum rəsmisi bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər