Fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üçün tutulan vergi dərəcəsi endiriləcək - Güzəştlər

15:26 - 22.04.2020


22 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi koronavirus pandemiyasının təsir etdiyi sahələrdə fəaliyyət göstərən vergiödəyiciləri üçün bəzi güzəştlər nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı “Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi”ndə deyilir.

Bildirilir ki, koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər.

Bu güzəştlər vergiödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur:

- fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi;

- 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 2020-ci il sentyabrın 1-dək uzadılması;

- mikro sahibkarlıq subyekti olmayan vergiödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin cari il sentyabrın 1-dək uzadılması;

- ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək təxirə salınması;

- ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun bu il aprelin 20-dən sentyabrın 1-dək uzadılması;

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər