330x110
 

Vergi ödəyicilərinə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt olunacaq - Milli Məclisdə müzakirə

27.04.2020,17:19


27 aprel, Fineko/abc.az. Aprelin 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

ABC.AZ xəbər verir ki, Komitənin sədri Tahir Mirkişili gündəliyə 6 məsələnin daxil edilidiyini bildirib. Komitə sədri bildirib ki, gündəliyin birinci məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə əlaqədar hazırlanıb. Məcəlləyə təklif edilən dəyişikliklər pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

Bununla bağlı Məcəlləyə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni on səkkizinci fəsil əlavə edilir.

Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur. Bundan başqa, sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Müəllif: Elmir Murad