330x110
 

Maliyyə dəstəyi üçün 118 mindən çox müraciət olub - Rəqəmlər

05.05.2020,15:14


5 may, Fineko/abc.az. Dövlət maliyyə dəstəyi üçün 118,1 mindən çox vergiödəyicisi müraciət edib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a bildirilib ki, mayın 4-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 25 min 633 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 92 min 553 fərdi (mikro) sahibkar, cəmi 118 min 186 vergiödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 191 min 306 işçini əhatə edən 21 min 472 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 86,36 milyon manat, o cümlədən birinci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 43,18 milyon manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 20 min 596 vergiödəyicisinə 186 min 883 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 42,4 milyon manat vəsaitin köçürülməsi təmin olunub. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 92 min 553 vergiödəyicisindən müraciət daxil olub, 83 min 870 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 51,57 milyon manat təşkil edir.

Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 49,2 milyon manat vəsaitin 78 min 643 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Müəllif: Elmir Murad