Ağsuda 9 yaşayış məntəqəsinin yolları təmir olunur - Adlar

16:26 - 8.05.2020


8 may, Fineko/abc.az. Ağsu rayonunda 9 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ABC.AZ-a bildirilib ki, başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 kilometrdir.

Yolun Ağsu-Qaradağ hissəsi 20,3 kilometr, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18,7 kilometr təşkil edir. Layihə çərçivəsində yolun yaşayış məntəqələrinin daxilindən keçən 6,5 kilometrlik hissəsində isə karxana çınqılı ilə yeni yol yatağının, həmçinin 1 kilometr uzunluğunda yeni piyada səkilərinin inşa edilməsi, kənarlarına yeni səki daşları düzülməsi üçün hazırlıq işləri görülür. Torpaq işlərinə paralel olaraq yolboyu uzunluğu 14,2 metr, eni isə 5,8 metr olan mövcud körpünün hərəkət hissəsi tavasının təmirinə və məhəccərlərin yenisi ilə əvəz edilməsinə ehtiyac olduğu üçün bu istiqamətdə addımlar atılır, həmçinin 1 nöqtədə 10 metr uzunluğunda dördbucaqlı su keçidi, mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün yeniləri inşa edilir.

Müəllif: Elmir Murad