“20 Yanvar” dairəsi ətrafındakı təmir bitib – Avtomobillərin hərəkətinə icazə verildi

16:49 - 19.05.2020


19 may, Fineko/abc.az. “20 Yanvar” dairəsi ətrafında aparılan təmir-tikinti işləri yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, “20 Yanvar” metro stansiyanın Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsində olan çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 metrə qədər genişləndirilib.

Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa “20 Yanvar” dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək oval formaya salınıb.

Layihə çərçivəsində “20 Yanvar” dairəsinə gələn və çıxan yollarda da genişləndirmə və təmir işləri aparılıb. Belə ki, dairədən Moskva prospektinin əsas yoluna doğru və əks istiqamətdə yolun hərəkət hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Bundan başqa aparılan təmir-tikinti işləri zamanı Müzəffər Həsənov küçəsinin “20 Yanvar” dairəsindən Abbas Mirzə Şərifzadə küçəsinə qədər olan hissəsi əsası şəkildə təmir edilib. Anoloji təmir-tikinti işləri Həsən bəy Zərdabi küçəsinin “20 Yanvar” dairəsi - Heydər Hüseynov küçəsi arasında yerləşən hissəsində, həmçinin Ziya Bünyadov prospektinin “20 Yanvar” dairəsindən giriş hissəsində də aparılaraq yekunlaşdırılıb. Artıq sözügedən hissədə aparılan təmir işləri səbəbindən hissə-hissə məhdudlaşdırılan hərəkət tam olaraq bərpa edilib.

Müəllif: Elmir Murad