Azərbaycan Bolqarıstanın qazlaşdırılması prosesində iştirak edəcək

10:29 - 16.01.2018


16 yanvar, Fineko/abc.az. Rəsmi görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov mətbuat üçün bəyanatlarla çıxış etdilər.

Mətbuat konfransı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, tərəflər, iqtisadi sahədə ticarət dövriyyəsinin həcmini artırmağa çalışmalıdırlar, çünki hazırda bu, lazımi  səviyyədə deyil.

“Əlbəttə ki, bu gün danışıqlarımızın əsas mövzusu energetika sahəsi ilə bağlı idi. Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaqdır”, - bunu ölkə başçısı bildirib.

Onun sözlərinə görə, “Şahdənz-2” layihəsinin icrası 99 faizə çatmışdır. Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90 faizə çatmışdır.

Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaqdır.

“Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər”, - dövlət başçısı belə deyib.