Azərbaycanda prioritet enerji mənbələrinin müəyyənləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb

12:15 - 16.01.2018


16 yanvar, Fineko/abc.az. Azərbaycanın Energetika Nazirliyi, alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi prosesini yekunlaşdırdı.

Nazirliyin məlumatında deyildiyi kimi, qurumda “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin  icrası məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

“Strateji Yol Xəritəsində 2017-ci ildə yekunlaşdırılması nəzərdə tutulan ümumilikdə 18 tədbirin 8-də Energetika Nazirliyi əsas icraçı qismində çıxış edir. Aidiyyəti qurumlarla birgə elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi prosesi artıq başa çatdırılıb. Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmalar da hazırlanıb”, - məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki, “Elektroenergetika haqqında” qanun layihəsi və “İstilik enerjisindən istifadə qaydaları” işlənib hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. Səmərəliliyin artırılması tədbirinə uyğun olaraq, elektrik verilişi və paylama şəbəkələri üzrə araşdırmaların aparılması və beynəlxalq təcrübənin öyrənilməsi əsasında tədbirlər planı müəyyənləşdirilib.