Maliyyə dəstəyi üçün müraciətlərin sayı açıqlanıb

17:17 - 9.06.2020


9 iyun, Fineko/abc.az. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 28.319 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 114.290 fərdi (mikro) sahibkar, cəmi 142.609 vergi ödəyicisi İqtisadiyyat Nazirliyinə müraciət edib.

ABC AZ xəbər verir ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 208.799 işçini əhatə edən 24.169 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,77 mln. manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,88 mln. manat təşkil edir. İyunun 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23.584 vergi ödəyicisinə 203.121 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 87,71 mln. manat, o cümlədən, 2-ci ay üzrə (50%) 40,25 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 114.290 vergi ödəyicisindən müraciət daxil olub, 106.771 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,54 mln. manat təşkil edir. İyunun 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,83 mln. manat vəsaitin 101.698 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

 

 

Bütün xəbərlər