Daha bir neçə vəzifəli şəxs həbs olundu – Rüsvət alırmışlar

15:42 - 29.06.2020


29 iyun, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) birgə məlumat yayıb.

Keçirilmiş istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin fondun müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib.

Həmçinin, Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak etmiş cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunan qanunsuz əməllərə görə Elçin Ələkbərov, Bəyəli Xəlilov və Arif Qənbərova Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

 

Bütün xəbərlər