DTX-nın XİN-də apardığı əməliyyatın detalları – 3 nəfər həbs olundu

15:50 - 6.07.2020


6 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında Xarici İşlər Nazirliyində (XİN) istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

ABC.AZ xəbər verir ki, DTX-nın bununla bağlı yaydığı məlumatda qeyd olunub ki, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib. Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

Bütün xəbərlər