Bu bankın vəzifəli şəxsləri barədə araşdırma başladı – Sədri həbs olundu

14:20 - 7.07.2020


7 iyul, Fineko/abc.az. “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində özgə əmlakını külli miqdarda ələ keçirmələri və digər faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, hazırda ləğv edilmiş “Zaminbank” ASC-nin Müşahidə şurasının sabiq sədri Nadir İsmayılovun işlədiyi dövr ərzində müxtəlif korrupsiya sxemlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin adına ayrılmış 16 milyon manatdan artıq məbləğdə ASC-yə məxsus kredit vəsaitini bankın digər vəzifəli şəxslərin köməkçiliyi ilə külli miqdarda ziyan vurub mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla, həmçinin, Nadir İsmayılovun bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək bankın Bakı filialının müdiri vəzifəsində işləmiş Şirinov Elşən Nizami oğluna məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib. 

Qeyd olunan qanunsuz əməllərə görə Nadir İsmayılova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər