Rəqəmlər sığorta bazarının böyüdüyünü, yığımların artdığını göstərir – Xəyal Məmmədxanlı

12:21 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. Sərt karantin rejiminin tətbiqindən sonra ölkəmizdə iqtsadi aktivlik ciddi şəkildə aşağı düşüb.

Apardığımız sorğular da həm biznes subyektlərinin, həm də vətəndaşların pandemiyadan ciddi zərər çəkdiyini göstərir.

Hətta, sığorta şirkətlərinin əməkdaşları, o cümlədən sığorta agentləri biznesin zəiflədiyini bildirirlər.

Bunu ABC.AZ-a sığorta sektorundakı vəziyyəti şərh edən ekspert Xəyal Məmmədxanlı bildirib.

Sadalananlarla tam razılaşmayan X.Məmmədxanlının fikrincə, statistika və rəqəmlər bunu demir: "Əksinə, rəqəmlər sığorta bazarının ötən ilə nisbətən böyüdüyündən, demək olar ki, əksər sığorta növləri üzrə yığımların artmasından xəbər verir, həm də 2 sığorta şirkətinin fəaliyyətini dayandırmasına baxmayaraq. Azalmanın müşahidə olunduğu əsas sığorta növləri içərisində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını və səyahət sığortasını göstərmək olar. Rəqəmlərin doğru olduğunu qəbul etsək, o zaman bunu 2 səbəblə izah edə bilərik. Birincisi, deyə bilərik ki, sığorta şirkətlərimizin hamısı pandemiyaya hazır idi, onlayn rejimdə daha effektiv çalışdılar, yeni məhsullar yaratdılar, müştərilərlə daha gözəl kommunikasiya qurdular və s. İstərdim ki, səbəb bu olsun, amma, xeyr, səbəb bu deyil, belə olmadığını hər kəs gözəl bilir. İkincisi isə, deyə bilərik ki, Azərbaycan sığorta bazarı pərakəndə açıq bazardan daha çox korporativ, o cümlədən sabit müştərilərlə çalışan bir bazardır. Əhalinin gəlirləri, biznesin durumu sığorta bazarı ilə düz mütənasib deyil. Müştərilər əsasən hər ilki müştərilərdir və adəti üzrə sığorta müqavilələrini bağlayırlar. Bu versiya daha inandırıcıdır, xüsusilə də son 3 il ərzində sığorta bazarının həcminin demək olar ki, eyni rəqəm ətrafında dövr etməsi bu ehtimalımızı daha da gücləndirir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər