Agentlik Bakı yollarındakı tıxacların səbəbini açıqladı – Sürücülərə müraciət olundu

10:43 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Paytaxt yollarında günün əsasən pik və qeyri-pik saatlarında tıxac və sıxlıq hallarının yaranmasının bir səbəbi də nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalmasıdır.

Son aylar bu hal özünü daha qabarıq formada göstərməkdədir.

Gün ərzində əsas nəqliyyat yükü olan küçə və prospektlərdə ən az 2-3 belə hal müşahidə olunur.

ABC.AZ xəbər verir ki, bu fikirlər Bakı Nəqliyyat Agentliyinin sürücülərə müraciətində qeyd olunub.

Qurumdan bildirilib ki, hər bir nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması digər avtomobillərin hərəkətində ləngimələrə səbəb olur ki, nəticədə tıxac və sıxlıq halları qaçılmaz olur.

Bu zaman ən çox əziyyəti isə ictimai nəqliyyat istifadəçiləri çəkirlər.

Metronun fəaliyyət göstərmədiyi sərt karantin zamanı bu cür halların olması vəziyyəti daha da çətinləşdirirdi.

"Bunu nəzərə alaraq sürücülərə tövsiyə edirik ki, texniki baxımdan nasaz vəziyyətdə olan avtomobillə yola çıxmaqdan çəkinsinlər. Nəqliyyat vasitəsinin texniki vəziyyətini daim nəzarət saxlasınlar”, - deyə müraciətdə qeyd olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər