Bu həkimlərə 44 242 manat məbləğində əlavələr ödənilib – COVİD 19 xəstələrinə xidmət ediblər

10:48 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən iyul ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 58 nəfər könüllüyə mükafat ödənilib.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, infeksiya ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib.

Qərara əsasən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iyul ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 44 242 manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır. 58 nəfər könüllüyə isə sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, iyul ayı üzrə ümumilikdə 14 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər