16:22 - 9.02.2018
“Coca-Cola” tərəfindən təşkil edilən FIFA Dünya Çempionatının Kubokunun dünya turu çərçivəsində Kubok bu gün ilk dəfə olaraq Azərbaycana gətirilib. Futbol dünyasının ən ali mükafatı olan qızıl Kubokun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlıqda təşkil olunub.
Kubokun Bakı səfəri paytaxta xüsusi təyyarə ilə “Coca-Cola” şirkəti və FIFA-nın nümayəndə heyəti, o cümlədən 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda sözügedən ali mükafatın qarşılanması ilə başlanıb. Kuboku həmçinin “Coca-Cola” və AFFA-nın Azərbaycanda birgə həyata keçirdiyi məktəbli turnirinin iştirakçıları da müşayiət ediblər. “Coca-Cola” tədəfindən təşkil olunan Kubokun Bakı səfəri çərçivəsində yerli KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib.
Konfransda çıxış edən “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel bildirib: «“Coca-Cola” dünyada milyonlarla insanın ən sevilən idman növü – futbola olan sevgisini dəstəkləyir və paylaşır. Futbol üzrə dünya çempionatlarının tərəfdaşı olmaqla yanaşı “Coca-Cola” milli futbol federasiyaları, o cümlədən AFFA ilə əməkdaşlıq edərək, Azərbaycanda da minlərlə yeniyetmənin futbol arzularının reallaşmasına yardımçı olur. FIFA Dünya Çempionatının Kuboku adi mükafat deyil, bu, həm də idman aləminin ən məşhur kuboku və insanları birləşdirən bir rəmzdir».
“İdman dünyasında FIFA Dünya Kubokundan daha çox istənilən və əlamətdar bir mükafat yoxdur. Bu Kubok insanları birləşdirən bir qüvvədir və bunun əhəmiyyətini hər kəs dəyərləndirir. Kuboku dünya futbol azarkeşlərinə təqdim etmək və “Coca-Cola” ilə yenidən əməkdaşlıq etməyə çox şadıq“, - deyə Kristian Karambö qeyd edib.
“Dünya Kubokunu yaxından görmək, yəqin ki, istənilən futbol azarkeşinin ən böyük arzularından biridir. “Coca-Cola” şirkəti və FIFA kubokun dünya turunu təşkil etməklə dünyanın müxtəlif ölkələrindəki çoxsaylı azarkeşlərə böyük sevinc bəxş edir. Tədbirin Azərbaycanda da keçirilməsi futbolun təbliğatı və azarkeş marağı baxımından xüsusi əhəmiyyət daşıyır. Biz çox şadıq ki, “Coca-Cola” şirkəti ilə AFFA arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlıq mövcuddur və inanırıq ki, birgə həyata keçirəcəyimiz layihələr hər zaman uğur qazanacaq”, - deyə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
Azərbaycana ilk dəfə təşkil olunmuş FIFA Dünya Çempionatının Kubokunun Turu 2017-ci ilin sentyabr ayında Rusiyada start götürüb. Bu turne altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 min km məsafəni qətt edərək yolunu futbol üzrə 2018-ci il Dünya Çempionatında yekunlaşdıracaq.
Dünya Çempionatının Kuboku “Gənclik Mall” ticarət mərkəzində minlərlə futbol azarkeşinə təqdim ediləcək ki, şəhərin sakinləri və qonaqları sözügedən ali mükafatla şəkil çəkdirə biləcəklər.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024