Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır – Prezident

15:08 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Ermənistanın aqressiv, təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlanıb.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, o vaxt indiki Ermənistan Respublikasında yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı.

"Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu. Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımı törətmişdir. Ondan sonra Şuşa şəhərinin 1992-ci ilin may ayında və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 93-cü ili aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı. Və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu” deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər