XİN-dən Lüksemburq Parlamentinə etiraz

11:26 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Dekabrın 24-də Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatası tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnamə qəbul edilib.

Xarici İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə,adıçəkilən ölkənin Parlamentinin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən bu qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülür.

“Qətnamənin hər hansı hüquqi qüvvəsinin olmamasına rəğmən, Lüksemburq Parlamentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan sənədlərlə çıxış etməsi, bölgədəki vəziyyəti öyrənmədən yanlış ittihamlar irəli sürməsi bu qurumun qərəzli mövqeyindən xəbər verir. Vurğulamaq istərdik ki, bu kimi təxribat xarakterli və qərəzli sənədlərin qəbulu bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcək” deyə XİN-in məlumatında qeyd olunub.

 

Bütün xəbərlər