Şirkət rəhbəri həbs olundu - Pul mənimsəyib

16:15 - 18.02.2021


18 fevral, Fineko/abc.az. “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya zamanı daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Baş Prokurorluğundan ABC.AZ-a daxil olan məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 14 şəxsə cəmi 2 milyon 435 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib. Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Bütün xəbərlər