“Az Fish” MMC-nin vəzifəli şəxslərinə qarşı cinayət işi açıldı

11:58 - 30.03.2021


30 mart, Fineko/abc.az. Xaçmaz rayonunda qanunsuz olaraq balıqçılıqla məşğul olan şirkətin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, Xaçmaz rayonu, Sərəkli kəndi ərazisində yerləşən gölün ətrafının “Az Fish” MMC tərəfindən balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hasarlanması, kənd sakinlərinin əraziyə buraxılmasının qadağan edilməsi Baş Prokuror tərəfindən nəzarətə götürülməklə fakt üzrə araşdırmanın aparılması Cinayət təqibindən kənar icraatlar idarəsinə tapşırılıb.

Aparılmış araşdırmalarla, “Az Fish” MMC-nin balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olmadan Xaçmaz rayonu, Sərəkli kəndi ərazisində icarə müqaviləsində nəzərdə tutulduğundan dəfələrlə artıq torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edərək hasarlamasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə “Az Fish” MMC-nin vəzifəli şəxsləri barədə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğunun İstintaq idarəsinə həvalə edilib.

 

Bütün xəbərlər