Vətəndaşlar icbari tibbi sığortadan necə yararlanacaq? – Detallar

10:14 - 5.04.2021


5 aprel, Fineko/abc.az. Bildiyiniz kimi aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.

Bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir. Buna baxmayaraq sözügedən ərazilərdə yaşayanların bəzisi hələ də xidmətlər zərfinə nələrin daxil olacağını, onların hansı tibbi xidmətlərdən yararlana biləcəklərindən xəbərsizdir.

Məsələ ilə bağlı tam detalları öyrənmək üçün tibb professoru Adil Qeybulla ilə danışdıq.

Professor ABC.AZ-a bildirdi ki, icbari tibbi sığorta sosial müdaifənin mühüm bir elementi, xüsusi növüdür.

A.Qeybulla qeyd etdi ki, icbari tibb sığorta əslində konkret bir xidmətlər paketini əhatə edir.

Onun sözlərinə görə, xidmətlər paketində də hansı xəstənin diaqnostik və əməliyyatdan yararlana biləcəyi göstərilib:

“Söhbət təkcə poliklinikidan getmir. Xəstə müraciət elədiyi yerdə və ya onun müalicələri harda mümkündürsə o klinikaya da yönəldilməlidir. Sadəcə təəssüflər olsun ki, maarifləndirmə işi yetərincə deyil. Bu gün insanların bəzisi çaş-başdır. Hara müraciət edəcəklərini bilmirlər. Çünki bizdə ailə həkimi institutu hələ də yoxdur. Sahə həkimləri də demək olar ki, yaxşı durumda deyillər. Hazırda ailə həkimi institutu olamlıdır ki, onlar vətəndaşı sığortaya yönəltsinlər. Hələlik insanlar yaşadıqları yerin polikilinikalarına müraciət etmək məcburiyyətindədirlər. Və yaxud da yəqinki yaşayış yerlərindəki xəstəxanaların qəbul şöbələri məsələni həll etməlidir. Və insanlar orda növbəyə yazılmalıdırlar. Yalnız təxirə salınmaz yardım növbəsiz qəbul edilməlidir, qalanları planlı bütün əməliyyatlar, diaqnostika üsullar növbəyə yazılmalıdır. Vətəndaş həmin növbəsində klinikaya gəlir müayinə olunur, lazım olan paket daxilində müayinələr, diaqnostikalar və bəzi müalicə üsullarından yararlanır. Situasiya belədir. Sadəcə bu ilk təcrübədir. Əslində icbari tibbi sığortanın tətbiqi çox önəmlidir. Çünki biz uzun müddətdir bunu tətbiq edə bilmirik. İndi pandemiyadır. Bundan başqa da tətbiq edəndə də müəyyən nöqsanlar təbii ki, olacaq. Bunlar yavaş-yavaş aradan qaldırılmalıdır”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər