“Baku Steel Company”-dəki hadisə ilə bağlı cinayət işi başlandı

05.04.2021,11:44


5 aprel, Fineko/abc.az. Aprelin 4-də saat 21 radələrində “Baku Steel Company” MMC-nin dəmir qəbulu məntəqəsində Babayev Şahin Qələndər oğlunun idarə etdiyi yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən dəmir qəbulu məntəqəsində Mehdiyev Zeyqəm Mehdi oğlu tərəfindən idarə edilən stasionar qaldırıcı kran vasitəsilə iri həcmli dəmir parçaları daşınan zaman həmin əraziyə gəlmiş Cəmiyyətdə xidməti müqavilə əsasında sürücü kimi işləyən Şahin Babayevin idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlayıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.