Keçmiş MTN generalları həbs edildi

10:42 - 6.04.2021


6 aprel, Fineko/abc.az. Ötən gün bəzi KİV-lərdə 2 generalın həbs edildiyi yazılmışdı.

ABC.AZ xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidməti artıq məsələ ilə bağlı açıqlama yayaraq onların həbs olunma səbəblərinə aydınlıq gətirib.

Belə ki, məlumatda qeyd olunub ki, Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

İstintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, istintaqla həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mövlan Şıxəlıyev və Nizami Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Bütün xəbərlər