Ötən il azərbaycanlı əmək miqrantları ölkəyə 1,15 mlrd. dollarına yaxın pul göndərib

11:38 - 16.04.2021


16 aprel, Fineko/abc.az. Asiya İnkişaf Bankının (AİB) hesablamalarına görə, 2020-ci il ərzində azərbaycanlı əmək miqrantları ölkəyə 1,15 mlrd. ABŞ dollarına yaxın pul göndərib.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu göstərici 2019-cu illə müqayisədə 10,1% azdır.

COVID-19 pandemiyası fonunda qlobal miqyasda 2020-ci ildə əmək miqrantları tərəfindən göndərilən pul baratlarının həcmi isə təxminən 7% azalaraq 666 mlrd. dollara enib.

Asiyanın postsovet ölkələrinə gəldikdə, əmək miqrantlarının öz ölkələrinə göndərdikləri vəsaitlərin ən böyük həcmi Özbəkistan və Tacikistanda qeydə alınıb. Sözügedən ölkələrin əmək miqrantları vətənlərinə 2020-ci ildə müvafiq olaraq 3,3 mlrd. dollar və 2,1 mlrd. dollar vəsait göndəriblər.

Gürcüstana isə xaricdə işləyən vətəndaşları tərəfindən 1,9 mlrd. dollar həcmində pul baratları daxil olub. Qırğızıstanda bu göstərici 1,9 mlrd. dollar, Qazaxıstanda isə cəmi 458 mln. dollar təşkil edib.

 

Bütün xəbərlər