330x110
 

Hazırda ölkədə yeni nəsil islahatlara start verilib - Elman Rüstəmov

21.04.2021,16:06


21 aprel, Fineko/abc.az. Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Anna Byerde ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında videoformatda görüş keçirilib.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, görüş zamanı Mərkəzi Bankın sədri E.Rüstəmov ölkəmiz ilə DB arasında uzunmüddətli strateji əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayıb.

Sonra ölkədə iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən bəhs edərək bildirib ki, 2020-ci ildə bütün ölkələr kimi Azərbaycan da mürəkkəb çağırışlarla üzləşib.

Hazırda ölkədə yeni nəsil islahatlara start verildiyi və növbəti 10 il üçün müəyyən olunmuş milli prioritetlərin DB ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üçün yeni istiqamətlər açdığı qeyd olunub.

Bildirilib ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına yönəlib.