Yeni Klinikanın direktoru həbs edildi - Rüşvət alırmış

10:28 - 22.04.2021


22 aprel, Fineko/abc.az. Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər