“Göygöl-I” gil yatağının istifadəyə verilməsi ilə bağlı hərrac keçirilib

15:52 - 22.04.2021


22 aprel, Fineko/abc.az. Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi müsabiqə və hərracların keçirilməsinə start verib.

ABC.AZ xəbər verir ki, bu barədə iki nazirliyin birgə açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, ölkəmizdə ilk dəfə olaraq Göygöl rayonu ərazisində yerləşən “Göygöl-I” gil yatağının istifadəyə verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Auksion Mərkəzində hərrac keçirilib.

Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Göygöl Rayon İcra Hakimiyyəti əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb. “Göygöl-I”-in ehtiyatının dəqiqləşdirilməsi məqsədilə yataqda dövlət geoloji ekspertiza işləri aparılıb, yatağın ehtiyatı 2,2 mln. m3, yatağın sahəsi 20 hektar olaraq dəqiqləşdirilib, ilkin start qiyməti isə 220 000 manat müəyyən edilib. Hərracda iştirak edən “Fəxrəddin-K” MMC “Göygöl-1” gil yatağı üzrə istismar hüququnu qazanıb.

 

Bütün xəbərlər