Azərbaycan Avropaya məhsul ixrac edəcək - Yeni aqrokompleks tikilir

10:46 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Bu ilin sonlarında Azərbaycandan Avropa, Rusiya və digər MDB ölkələrinə məhsul ixracını həyata keçirəcək nəhəng aqrokompleks fəaliyyətə başlayacaq.

ABC.AZ-ın məlumatına görə, Xaçmaz rayonunun Xudat şəhərində yerləşən aqrokompleksin tikintisinə ötən ilin sentyabr ayında start verilib.

12 hektar ərazidə salınmış aqrokompleks daxilində logistika mərkəzi, nəzarət-buraxılış məntəqələri, dövlət qurumları üçün inzibati binalar, soyuducu saxlanma anbarları, çeşidləmə-qablaşdırma sahələri ilə yanaşı ofis, qonaq evi, restoran və digər yardımçı tikililərin inşası da nəzərdə tutulub.

Aqrokompleksdə istifadə olunacaq avadanlıqların hamısı Avropa ölkələrindən –İtaliya, Fransa, Almaniya və digər ölkələrdən alınıb.

Bunlar çeşidləyici skanerlər, elektromexaniki qurğular, çəkib, qablaşdırıb çıxışa verən avadanlıqlar, avtomatik polipləmə, polet bağlama, qablaşdırma, meyvə-tərəvəzin keyfiyyətli axınının təminetmə sistemi, yuyulma qurğuları, meyvə və tərəvəzin yuyulub saxlanılması üçün xüsusi növ bunkerlərdir.

Artıq şirkətlərlə müqavilələr bağlanıb və avadanlıqların gətirilməsi prosesinə başlanılıb. 

 

Bütün xəbərlər