Daha bir xəstəxananın direktoru saxlanıldı - Cinayət işi açılıb

15:45 - 26.04.2021


26 aprel, Fineko/abc.az. Neftçala rayon mərkəzi xəstəxanasının direktoru Quliyev Elman Mətləb oğlunun qanunsuz əməlləri ilə bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanıb.

Neftçala rayon prokurorluğundan ABC.AZ-a verilən məlumata görə, aparılmış istintaq zamanı Elman Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci il ərzində müxtəlif vaxtlarda xəstəxanaya stasionar müalicəyə koronavirus infeksiyasına yoluxmuş xəstə qəbul olunmadığı halda, həmin xəstəxanada işləyən qeyri tibb və digər işçilərə müddətli əlavənin ödənilməsi ilə bağlı hesablama cədvəli barədə məlumatları hazırlayıb. Müvafiq sənədləri imzalayıb möhürlə təsdiqlədikdən sonra qeyd edilən işçilərə bank vasitəsilə ümumilikdə 25 min manat məbləğində müddətli əlavənin ödənilməsini təmin etməklə dövlətin mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

22.04.2021-ci il tarixdə Quliyev Elman Mətləb oğlu Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. İstintaq zamanı vurulmuş maddi ziyanın tam  ödənilməsi təmin edilib.

 

 

Bütün xəbərlər