Bu regionda ABŞ əvvəlki kimi hərəkət edə bilməyəcək - Millət vəkili

10:55 - 27.04.2021


27 aprel, Fineko/abc.az. Amerika Birləşmiş Ştatları prezidentinin "soyqırım" ifadəsini işlətməsinin Amerika xalqı üçün heç bir isti-soyuğu yoxdur.

Bunu ABC.AZ-a millət vəkili Razi Nurullayev Baydenin "soyqırım" ifadəsi işlətməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu ifadə ancaq erməniləri xöşbəxt edir. Onun sözlərinə görə, amma, yaxın və uzaq perspektivdə ermənilər üçün də problem yaradır.

"Çünki, nə Azərbaycan, nə də Türkiyə Ermənistana heç bir məsələdə etibar etməyəcək və regionda bütün qonşuları ilə münasibətləri korlayan ermənilərə də iqtisadi və geosiyasi məkanda daim məşəqqətlər yaşadacaq. Qeyd edim ki, ABŞ prezidenti həm də dolayısı ilə Türkiyə və Azərbaycana bir "xidmət" də göstərmiş oldu. Biz lobbiçilik fəaliyyəti üçün kifayət qədər vəsait xərcləyirdik ki, ABŞ yanlış addım atmasın. Daha bu gərginlik aradan qalxdı. Türkiyə güclənməkdə davam edəcək, amma ABŞ daha etibarlı tərəfdaş kimi qəbul edilməyəcək. Türkiyə kimi bir ölkəni incitməklə, Azərbaycan kimi dünyəvi bir İslam dövlətinə ikili standart tətbiq etməklə ABŞ regionda Çin və Rusiya kimi böyük dövlətlərlə təkbaşına qaldı. Bu regionda ABŞ daha əvvəlki kimi hərəkət edə, hətta İran dövlətinə belə əvvəlki qədər təzyiq göstərə bilməyəcək".

Müəllif: Elmir Murad

Bütün xəbərlər