Azərsığorta çətinlikdə - Şirkət kiçiləcək

14:36 - 19.05.2021


19 may, Fineko/abc.az. Milli Məclisin deputatlarının, hakimlərin, Silahlı Qüvvələrin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) topladığı sığorta haqlarında və həyata keçirdiyi sığorta ödənişlərində təxminən 60% paya malikdir.

ABC.AZ xəbər verir ki, bunu açıqlamasında “Azərsığorta”nın sədr müavini Aftandil Hacıyev bildirib.

Xatırladaq ki, qeyd olunan məsələ Prezident İlham Əliyevin ötən gün imzaladığı "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanda öz əksini tapıb. Fərmana əsasən, dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu həyata keçirəcək.

A.Hacıyev qeyd edib ki, son qərarın “Azərsığorta”nın yığımlarını 2 dəfədən çox azaldacağı gözlənilsə də, şirkət könüllü sığorta növləri hesabına itirdiyi vəsaiti bərpa etməyə çalışacaq: “Yəqin ki, həmin məbləği tam olaraq bərpa edə bilməyəcəyik, amma yarısını bərpa etməyə çalışacağıq. Bir sözlə, yaşamaq uğrunda mübarizə aparacağıq”.

Bütün xəbərlər