AQTA-dan Gömrük Komitəsinə müraciət – Bu məhsulların gətirilməsinin qarşısı alınmalıdır

14:56 - 24.05.2021


24 may, Fineko/abc.az. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Mali Respublikasının Kulikoro (Koulikoro) inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, İsrail Dövlətinin Təl-Əviv (Tel Aviv), İudeya və Samariya (Judea and Samaria), Hayfa (Haifa) və Qüds (Jerusalem) dairələrində Nyukasl xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ABC.AZ-a daxil olan məlumata görə, respublikamızı başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Mali Respublikasının Kulikoro inzibati ərazi vahidindən, o cümlədən İsrail Dövlətinin Təl-Əviv, İudeya və Samariya, Hayfa və Qüds dairələrindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Mali Respublikasından və İsrail Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

 

Bütün xəbərlər