Şirkətlər hansı səbəbə uğursuzluğa düçar olur?

14:15 - 25.05.2021


25 may, Fineko/abc.az.  Şirkətlər nəyə görə uğursuzluğa düçar olur?

Bu mövzu ilə bağlı Baker Tilly beynəlxalq audit və konsaltinq şirkətinin Biznes məsləhət xidmətləri üzrə direktoru Niyazi Abbasov ilə həmsöhbət olduq.

Müsahibəçi:

- Sizin çalışdığınız şirkət Azərbaycanda audit və biznes konsaltinq sahəsi üzrə tanınmış şirkətlərdən biridir və müxtəlif sahələrdə sahibkarlarla sıx əməkdaşlıq edirsiniz. Sizin müşahidələrinizə görə Azərbaycanda qurulan şirkətlər hansı səbəblərə görə uğursuzluğa düçar olurlar və sizin müşahidələriniz nəyi göstərir?

Niyazi Abbasov:

-Apardığımız müşahidələrə görə müəssisələr 4 əsas səbəbə görə uğursuzluğa düçar olurlar.Bunlardan birincisi müəssisənin dolğun bir bazar araşdırmasının, biznes strateqiyasının, biznes planının olmamasıdır. İqtisadi əsaslandırmadan keçməyən heç bir biznes proyekti uğurlu ola bilməz. Təəssüf ki, bəzi sahibkarlar tələsik bazar araşdırması ilə, iqtisadi analiz və biznes plan qurmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq qərarı alırlar.

İkinci səbəb kimi yanlış idarəetmə və kadr siyasətini qeyd etməliyəm. Bununla bağlı olaraq lazımi vəzifələrə düzgün kadrların təyin olunmaması və onların motivasiyası sisteminin təmin edilməməsini qeyd edə bilərəm. Həmçinin, bir çox hallarda  “yaxşı kadr yoxdur” deyib öz səhvinə bəraət qazandıran sahibkarları da müşahidə edirik.

Üçüncü səbəb olaraq yanlış maliyyə idarəetməsini önə çəkərdim.  Bir çox şirkət düzgün strateqiya və idarəetmə sisteminə malik olmalarına baxmayaraq, maliyyə resurlarını düzgün qaydada idarə etmədiklərindən müflis olmaq təhlükəsi ilə üz-üzə qalırlar.

Bu müxtəlif səbəblərdən baş verir, müəssisə o qədər sürətlə böyüyür ki, bu böyüməni dəstəkləyən maliyyə mənbələrini tapa bilmir. Buna misal olaraq satışı, debtor borcunu və anbar qalığını nəzarətsiz şəkildə artıran, lazım olduğundan da çox borclanan və vaxtında təsisçi resursları və ya maliyyə mənbələrini düzgün koordinasiya etməyərək şirkəti böhran vəziyyətinə doğru aparan halların tez-tez şahidi oluruq. 

 Dördüncü səbəb olaraq qeyd etmək olar ki, zamanında texnoloji yeniliklərə investisiya qoymayan şirkətlər rəqibləri qarşısında məğlub duruma düşür və bazardan çıxmağa məcbur olurlar. Hal-hazırda dünyada və Azərbaycanda bizneslər rəqəmsal texnologiyalar tətbiq edərək rəqabəti bir addım qabaqlamağa çalışır və bunu daha məharətli edə bilənlər bazarda lider mövqeləri əldə edirlər.

Ətraflı izahat üçün təşəkkürlər!

 

Bütün xəbərlər