Jurnalistlərin həlak olması barədə birgə məlumat - Cinayət işi açıldı

14:06 - 4.06.2021


4 iyun, Fineko/abc.az. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi jurnalistlərin Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı birgə məlumat yayıb.

ABC.AZ xəbər verir ki,  açıqlamada 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb. Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.


Bütün xəbərlər