Bakının mərkəzində Qarabağ parkı tikiləcək? - Təklif

11:04 - 7.06.2021


7 iyun, Fineko/abc.az. Bakı şəhərinin mərkəzi hissəsində “Qarabağ” adını daşıyacaq parkın konsepsiya layihəsi hazırlanıb.

ABC.AZ xəbər verir ki, layihənin əsas məqsədi insanların mədəni və rahat istirahət etməsi üçün müasir məkan və yaşıllıq zonası yaratmaq, eyni zamanda insanları Azərbaycanın dilbər guşələrindən biri olan Qarabağın tarixi və mədəniyyəti barədə maarifləndirməkdir.

Dünya standartlarına cavab verə biləcək layihə çərçivəsində əhaliyə xidmət göstərəcək bütün infrastuktur parka gələn yerli sakinlərə, xüsusilə gənc nəslə, o cümlədən xarici qonaqlara Qarabağ haqqında məlumatların daha effektiv yollarla çatdırılmasına xidmət edəcək.

Bu da öz növbəsində müasir Azərbaycanın ayrılmaz tərkib hissəsi olan əzəli Qarabağ torpaqlarının dünyada tanıdılması işinə ən mühüm töhfələrindən biri olacaqdır.

Təklif olunan “Qarabağ parkı” layihəsində qara rəngə daha çox üstünlük verilib. Layihədə qara rəngin çalarlarından və elementlərindən, qara daşlar və döşəmədən istifadə olunub  ki, bu da  Qarabağın adı ilə bağlıdır.

Sözügedən layihənin əsas mahiyyəti onun adı və milli mənəvi dəyərlərilə birbaşa bağlıdır.

Müəllif: Elmir Murad


Bütün xəbərlər