Abşeron dairəvi dəmir yolundan kimlər ödənişsiz istifadə edəcək?

16:44 - 8.06.2021


8 iyun, Fineko/abc.az. Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş şəxslərin Abşeron dairəvi dəmir yolu ilə ödənişsiz daşınmasına başlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən ABC.AZ-a bildirilib ki, bu, akkreditasiyadan keçmiş şəxslərin çempionat müddətində oyunlara hazırlıq mərhələləri və oyun günlərində nəqliyyata olan tələbatlarını qarşılamaq məqsədi daşıyır.

Akkreditasiyadan keçməni təsdiq edən sənədi olan hər bir şəxs iyulun 5-dək elektrik qatarları ilə ödənişsiz hərəkət imkanına malikdir.

Qeyd edək ki, Bakı Avropa çempionatının üç qrup oyununa və 1/4 final mərhələsinin bir qarşılaşmasına ev sahibliyi edəcək. Bakıdakı oyunlar 12, 16, 20 iyun və 3 iyul tarixlərində keçiriləcək.

 

Bütün xəbərlər