330x110
 

İdman zallarına nəzarət belə olacaq - Qaydalar

09.06.2021,12:24


9 iyun, Fineko/abc.az. İdman zallarında pandemiya ilə bağlı qaydalara əməl olunub-olunmamasına Gənclər və İdman Nazirliyi tərəfindən nəzarət olunacaq.

ABC.AZ-ın Trend-ə istinadən məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.

Q.Mehdiyev deyib ki, nazirlik tərəfindən hər hansı bir cəza tədbirinin görülməsi nəzərdə tutulmur:

“Bu məsələ Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Sadəcə, bizim nazirlik nəzarət edəcək. Həm idman federasiyalarına tövsiyə olunacaq ki, monitorinq aparsınlar, həm də nazirliyin yerli idarələrinə tapşırılacaq ki, hər biri öz rayonu ərazisində mütəmadi olaraq idman zallarında monitorinq aparsınlar. Operativ Qərargahın məlum qərarından sonra nazirlik bir sıra tədbirlər həyata keçirib. Artıq bütün federasiyalara tövsiyə xarakterli məktub göndərilib. Hər bir idman federasiyası inkişaf etdirdiyi idman növü üzrə klub və zallarına nəzarət etməlidir".