Binəqədi rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

16:54 - 10.06.2021


10 iyun, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən Binəqədi rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış zamanı içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Cəmiyyətdən ABC.AZ-a verilən məlumata görə, Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsində yerləşən 3 çoxmənzilli yaşayış binasında sudan uçotsuz istifadə faktları, Cavadxan küçəsi Pitomnik bağı kimi tanınan ərazidə isə bağın sayğacdankənar çəkilmiş su xətti vasitəsi ilə suvarıldığı, Dərnəgül qəsəbəsindəki məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda sudan qanunsuz istifadə halları aşakarlanıb.

Bundan başqa, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi adlanan ərazidə fərdi evlərin bir qismində sayğaclarının olmasına baxmayaraq, sakinlər yaxınlıqdan keçən magistral xətdən qanunsuz əlavə su xətti çəkiblər.

Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönləndirilib.

 

Bütün xəbərlər