Daha 55 müəssisəyə Rusiyadan yaşıl işıq - Pomidor və alma ixrac edə biləcəklər

17:24 - 11.06.2021


11 iyun, Fineko/abc.az. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") 15 iyun tarixindən etibarən Azərbaycan müəssisələrindən dəmiryol vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verib.

ABC.AZ "Rosselxoznadzor"a istinadən xəbər verir ki, "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhmazlı arasında 10-11 iyun tarixlərində aparılan danışıqların nəticələrinə əsasən, iyunun 15-dən etibarən 31 pomidor və 24 alma istehsal edən şirkətlərə məhsul tədarükünə icazə verilib.

Malların daşınması fitosanitar sertifikatları ilə müşayiət olunan tam izlənmə ilə həyata keçiriləcək. Hər bir vaqonda bir istehsalçının yalnız bir növ məhsulunun nəqlinə icazə verilir.

Bu ilin 1 oktyabr tarixindən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçidi nəzərdə tutulur.

Bütün xəbərlər