Rusiya prezidenti Kemerovo şəhərində baş vermiş yanğının səbəblərini açıqladı

10:18 - 27.03.2018


27 mart, Fineko/abc.az. Rusiyanın prezidenti, Kemerovo şəhərində “Zimnyaya Vişnya”  («Зимняя вишня») ticarət mərkəzindəki yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı müşavirə keçirib.

 Müşavirə zamanı Vladimir Putin baş verənlərin səbəbləri sırasında səhlənkarlıq və başısoyuqluğu qeyd edib.

“Bizdə nə baş verir, axı bu, hərbi əməliyyatlar deyil, mədəndə gözlənilməz metan partlayışı deyil. İnsanlar, uşaqlar dincəlməyə gəliblər. Biz, demoqrafiyadan danışırıq və bu qədər insan itiririk. Nəyə görə? Cinayətkar  səhlənkarlığa, başısoyuqluğa görə”, - Putin belə deyib.

Rusiya prezidenti, müşavirəni bir dəqiqəlik sükutla başlayaraq, həlak olanların ailələrinə və yaxınlarına başsağlığını bildirib.

Yığıncaqda Vladimir Putin, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə faciəyə yol vermiş vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyi tapşırıb.

“Hər bir vəzifəli şəxsin hərəkətlərinə hüquqi qiymət vermək lazımdır. Pulsuz arayış almaq olmaz, pul ilə isə hər şey imzalayarlar”, - Vladimir Putin belə deyib.

Yanğın, “Zimnyaya Vişnya”  ticarət mərkəzində bazar günü, martın 25-də baş verib. RF İK və FHN-dən verilən məlumata əsasən, 64 nəfər həlak olub, müəyyən etmə proseduru aparılır. Yanğın faktı ilə bağlı cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddələri ilə qaldırılıb, ehtimal olunan versiyalar sırasında həmçinin yandırma daxildir.