Xarici banklar üçün Azərbaycan o qədər də cəlbedici deyil – Ekspert

10:54 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Hazırda pandemiya ilə əlaqədar nəinki Azərbaycanda heç yerdə xarici banklar bazarlara daxil olmur.

Bunu ABC.AZ-a ekspert Əkrəm Həsənov Azərbaycanın bank sisteminə xarici bankların daxil olub-olmama ehtimalını şərh edərkən deyib.

O qeyd edib ki, indi Azərbaycanda nə xarici bank filial, nə nümayəndəlik, nə də xüsusən törəmə bankı açmır.

"Amma prinsipcə pandemiyadan əvvəl də, yəni Azərbaycana heç bir xarici bank gəlməyib. 2010-cu ildən də heç bir xarici bank Azərbaycana gəlmir. Çünki o dövrdən Azərbaycan bank sistemi böhran içindədir. Yəni, Azərbaycan iqtisadiyyatında əvvəlki gəlirlilik yoxdur. Banklar əvvəl kreditlər verirdilər, çoxlu pul qazanırdılar. İndi elə hal yoxdur. Bu səbəbdən də xarici banklar üçün Azərbaycan bazarı o qədər də cəlbedici deyil. Cəlbedici olan dövrdə isə onları sadəcə bazara buraxmırdılar. Ona görə ki, düşünürdülər ki, onlar burda yerli banklardan üstün ola bilərlər. Yəni Azərbaycanda rəqabət mühiti qeyri-sağlamdır, elə ona görə də 15 ildən çoxdur ki, Rəqabət Məcəlləsini qəbul edə bilmirlər. Bundan sonra da inanmıram ki, yaxın vaxtlarda hansısa xarici Bank Azərbaycanın bank sisteminə gəlsin" deyə ekspert qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər