330x110
 

Anomal istillərlə bağlı işəgötürənlərə müraciət

23.06.2021,16:38


23 iyun, Fineko/abc.az. Son vaxtlar ölkə ərazisində davam edən anomal isti hava şəraitində işçilərin işə cəlb edilməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) çoxsaylı müraciətlər daxil olur.

ABC.AZ xəbər verir ki, AHİK-dən verilən məlumata görə, Əmək Məcəlləsinə və ona 2 saylı “Əlavə”yə əsasən, havanın temperaturu +41 dərəcə selsidən (2009-cu ilədək 45 dərəcə idi) çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.

Qeyd olunub ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir: "İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İstehsal fasiləsiz xarakter daşıdıqda müəssisədə işi dayandırmaq mümkün olmur.

Bu zaman həmkarlar ittifaqının razılığı ilə işəgötürən tərəfindən bir-birini əvəz edən növbələr müəyyən edilməlidir.