Yaponiya şirkəti Zaqatalada tütünqurutma məntəqəsi tikib

10:02 - 14.07.2021


14 iyul, Fineko/abc.az. Yaponiyanın “Tet İnternational Development” şirkəti Zaqatala rayonunda yeni tütünqurutma məntəqəsinin tikintisini başa çatdırıb.

ABC.AZ-ın məlumatına görə, iyulun 12-də şirkətin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsinin rəsmi açılış mərasimi olub.

“Tet İnternational Deve­lopment” MMC-nin səhmdarı və prezidenti Savada Taro çıxış edərək, şirkətin Azərbaycandakı fəaliyyəti və Zaqatalada gördüyü işlər barədə məlumat verib.

Bildirib ki, şirkət iki-üç il ərzində Azərbaycana tütünçülüyün inkişafı üçün 10 milyon ABŞ dolları həcmində investisi­ya yatırıb.

Şirkət tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb. Məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb.

Tütün isteh­salı ilə bağlı bu il Zaqatala və Qax rayonlarında 53 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib.

Eyni zamanda, fermerləri tütün şitilləri ilə təmin etmək üçün məntəqənin özündə də ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd istixana quraşdırılıb.

 

Bütün xəbərlər