DTX-dan əməliyyat - Vətən müharibəsi iştirakçılarından rüşvət alanlar həbs olundu

15:00 - 27.07.2021


27 iyul, Fineko/abc.az. Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilib.

ABC.AZ DTX-nin saytına istinadla xəbər verir ki, faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıb.

Onlar barədə həbs qətimkan tədbiri seçilib.

 

Bütün xəbərlər