"Bank Avrasiya"nın kredit portfeli artıb - 9 faiz

14:31 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Bank Avrasiya"nın 2021-ci ilin yanvar-iyun dövrü üzrə 3 milyon 295 min manat əməliyyat mənfəəti formalaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə bankın hesabatında qeyd olunub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci yarısında "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri 6 milyon 181 min manat, əməliyyat xərcləri 3 milyon 355 min manat, əməliyyat mənfəəti 2 milyon 826 min manat təşkil etmişdi.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 4 milyon 404 min manat ayırdığından həmin dövrü 1 milyon 578 min manat xalis zərər ilə bağlamışdı.

2020-ci ilin 1-ci yarısında "Bank Avrasiya"nın faiz gəlirləri 5 milyon 406 min manat ikən, 2021-ci ilin eyni dövründə 5 milyon 807 min manata yüksəlib, qeyri-faiz gəlirləri isə 772 min manatdan 917 min manata qalxıb.

2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin yanvar - iyun dövründə "Bank Avrasiya" kredit portfelini (müştərilərə verilmiş kreditlər) 10 milyon 247 min manat və ya 9% artıraraq 122 milyon 863 min manata çatdırıb. 30 İyun 2021-ci il tarixində "Bank Avrasiya" 66 milyon 358 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 70 milyon 225 min manat məcmu kapitala malik idi.

 

Bütün xəbərlər